Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov bu il keçirilən 15 yaşadək cüdoçular arasında ölkə birinciliyinin qalibi olmaqla muxtar respublikada belə bir uğura nail olan ilk qız cüdoçu Ləman Bağırova ilə görüşüb, onu fəxri fərman və hədiyyələrlə mükafatlandırıb. Görüşdə Naxçıvan Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərov və nazirliyin şöbə müdiri Taleh İbrahimov da iştirak ediblər.
Nazir müavini həyata keçirilən işlərin nəticəsi olaraq muxtar respublikada qadın idmanının son illər yüksək dinamika ilə inkişaf etdiyini vurğulayıb, qız idmançıların fərdi və kollektiv nəticələrininin sayında və dəyərində artım müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, universal döyüş üzrə dünya çempionu, eyni zamanda 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi Röya Abdullayevanın tarixi uğuru, voleybolçuların “Muxtariyyət kuboku”ndakı əzmkar mübarizə ilə qazandığı ikinciliyi, bədii gimnastika, atletika, şahmat və bir sıra idman növlərində böyük gələcək vəd edən idmançıların olması faktoru qızların idmana təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nazir müavini qazandığı tarixi nailiyyət münasibətilə Ləmanı bir daha təbrik edib, onun təhsil və idman həyatı, gələcək yarışlara hazırlıq səviyyəsi ilə maraqlanıb, nazirlik tərəfindən göstərilən dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda təltifetmə olub, birgə xatirə fotosu çəkilib.